Nəql

Nəql (midstrim) neft-qaz sektorunda fəaliyyət göstərən hər bir şirkət üçün biznes əməliyyatlarının arteriyası rolunu oynayır. Nəql özündə karbohidrogenlərin xarici bazarlara çıxarılması üçün ucuz nəqliyyat növü sayılan boru kəmərlərindən başqa, onların terminallara daşınması və saxlanmasını, xammalın emal zavodlarına boru, dəmir, dəniz (tankerlərlə) yolu kimi nəqliyyat vasitələri ilə çatdırılmasını və ya ölkənin qazpaylayıcı şəbəkəsini cəmləşdirir.
Azərbaycanın dövlət müstəqilliyi dövründə Bakı Neft Emalı Zavodu qısa müddətdə ölkə daxilində və xaricdə regional və qlobal enerji layihələri həyata keçirməklə çoxlu sayda boru kəmərləri inşa edərək, istismara verib. “Əsrin müqaviləsi” imzalandıqdan sonra, ilk tikilən boru kəmərlərindən biri olan Bakı‐Novorossiysk 1997-ci ildə tam tikilib istifadəyə verilib. 1996-cı ildə Azərbaycan və Gürcüstan arasında imzalanmış sazişə əsasən tikilməyə başlanan Qərb İxrac Boru Kəməri və ya Bakı-Supsa kəmərinin inşası 1998-ci ildə başa çatdırılıb. Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri Azərbaycan neftinin xarici bazara birbaşa çıxışını təmin edib. 2007-ci ildə tikilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi ilə “Şahdəniz” yatağından hasil olunan təbii qazın Gürcüstan və Türkiyə bazarlarına daşınması həyata keçirilib. “Şahdəniz 2” layihəsi çərçivəsində Azərbaycan qazının Türkiyə və Avropa ölkələrinə nəql edilməsi məqsədilə Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin inşası həyata keçirilib. Bununla da, Avropa ölkələrinin uzunmüddətli enerji təhlükəsizliyinə töhfə verilib, alternativ marşrutların şaxələndirilməsi və rəqabətli enerji bazarının yaradılması təmin olunub. Bu kəmərlər birlikdə 3500 km uzunluqda olan, Avropa və Asiya qitələrini birləşdirən Cənub Qaz Dəhlizini təşkil edir.


Kulevi terminalı

Kulevi neft terminalı Bakı Neft Emalı Zavodu-ın Gürcüstandakı ilk və ən mühüm sərmayələrindəndir. Terminalın yerləşdiyi Redut – Kale limanının tarixi 1804-ci ildə burada Redut qalasının və sonradan limanın tikilməsi ilə başlayır. Liman XX əsrin əvvəlində öz əhəmiyyətini itirmiş, 1999-cu ildə Gürcüstan höküməti tərəfindən onun yerində Kulevi neft terminalının tikilməsi haqqında qərar qəbul olunmuşdu. Belə ki, Gürcüstan hökuməti Azərbaycanın həyata keçirməyə başladığı “Əsrin Müqaviləsi” çərçivəsində, Gürcüstan limanlarının gələcəkdə gözlənilən neft və neft məhsullarının həcminin öhdəsindən gələ bilməyəcəyini təxmin etmişdi. Bakı Neft Emalı Zavodu, Kulevi terminalını 2006-ci ilin dekabrında əldə edərək, onun tikintisini başa çatdırdı. 2008-ci ilin may ayında neft və neft məhsullarının tranziti üçün nəzərdə tutulan Kulevi terminalı fəaliyyətə başladı.
Gəmi və dəmiryolu vasitəsilə daşınan neft və neft məhsulları burada boşaldılır, rezervuarlarda saxlanılır və sonradan gəmilərə yüklənərək nəql olunur. Poti terminalının illik tutumu 1 milyon ton neft (əlavə olaraq 4 milyon ton quru yük), Supsa terminalının isə illik tutumu 8 milyon ton neft olduğu halda, Kulevi terminalında ildə 10 milyon ton neft və neft məhsullarını yükləyib boşaltmaq mümkündür. Terminalda əsasən xam neft, neft yanacağı, dizel yanacağı, metanol, aviasiya kerosini, butan-butilen fraksiyası (bbf), propilen, maye piroliz qətranı, nafta (benzin-liqroin fraksiyası), izopropil spirti, ultra-aşağı kükürdlü dizel (ulsd), sənaye yağı, karbohidrogen qaz kondensatı, para-ksilol və benzol kimi karbohidrogen məhsulları nəql olunur.