Kəşfiyyat/Hasilat

Kəşfiyyat

Yerin dərin qatlarında qiymətli sərvətlər, o cümlədən zəngin neft-qaz yataqları mövcuddur. Yer səthinə yaxın yerləşən bir çox yataqlar artıq istismara verilib, onlardan bəziləri isə tükənmək üzrədir. Bu səbəbdən, xüsusilə dərin qatlardakı yataqların aşkarlanması və onların hasilat prosesi üçün işlənilməsi (quyuların qazılması və s.) labüddür. Bu da böyük vəsait, habelə illərlə vaxt tələb edir. Kəşfiyyat karbohidrogenlərin axtarışı və yataqların işlənməsini əhatə edən enerji istehsalının ilkin mərhələsini təşkil edir. Axtarışlar əvvəllər ənənəvi olaraq quyu qazmaq üsulu ilə aparılırdısa, hazırda geofiziki-kəşfiyyat metodları (maqnit, qravimetrik, elektrik, seysmik, radioaktivlik) ilə əvəz edilib. Bu da kəşfiyyat axtarış işlərinə xeyli vəsait və vaxtın qənaət olunmasına imkan verir. Dərinlikdə yerləşən neft və ya qaz yataqları əvvəlcə maqnit, qravimetrik və ya elektrik üsulları ilə aşkar olunur, sonra isə potensial cəhətdən daha əlverişli sahədə dəqiq seysmik tədqiqatlar aparılır. Seysmik tədqiqat üsulu elastik dalğaları partlayışlarla və ya yerə vurma qurğuları ilə yaradılır. Yerin 5-10 km-lik dərinliklərində olan alt laylarından əks olunan dalğalar müəyyən sahənin struktur quruluşunun bəzi hissələrini təyin etməyə imkan verir.

Geofiziki üsullarla neft-qazla zəngin potensial sahələr aşkar olunur, lakin geoloji cəhətdən tədqiq olunmadıqda həmin sahələrdə neft və qaz yataqlarının kəşfiyyatı məqsədilə quyular (məsələn, istinad quyuları və ya parametrik quyular) qazılır. Strukturların laylarında yerləşən neft-qaz yataqlarının kifayət qədər məhsuldar olması dəqiqləşdirildikdə, proses növbəti – hasilat mərhələsinə qədəm qoyur. Potensial yatağın kəşfiyatı və işlənilməsi bəzən on illərlə davam edir.

Qazma

Bakı Neft Emalı Zavodu SOCAR-ın tərkibində 2007-ci ildə yaradılıb. Trest mobil, operativ iş qabiliyyətinə malik qabaqcıl texnika və texnologiyalara uyğunlaşma kursu götürərək, böyük qazma sürətinin əldə olunması, quyuların daha keyfiyyətli və ucuz qazılması məqsədilə istifadə olunan texniki vasitələrin müasirləşdirilməsinə üstünlük verir.

Yeni texnologiya və avadanlıqlardan istifadə edən Trest “Günəşli” yatağında 5 nömrəli özüldən qazılan 333 nömrəli 55 gün (plan 95 gün olub) ərzində qazılmasını müvəffəqiyyətlə tamamlayıb və quyu istismara təhvil verilib.

2015-ci ildə Bakı arxipelaqındakı yataqlar içərisində zənginliyi və axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən “Bulla-dəniz” yatağında 122 saylı özüldən qazılan 124 nömrəli istismar quyusunda 5958 metrə kimi qazma işləri müvəffəqiyyətlə yerinə yetirilib və quyu 1.250.000 m³/gün qaz və 250 ton/gün kondensat hasilatı ilə istismarçılara təhvil verilib.

Azərbaycan qazmaçıları tərəfindən milli sektorda ilk dəfə olaraq “Bulla-dəniz” yatağında qazılmış 91 nömrəli kəşfiyyat quyusunda MPD sistemi uğurla tətbiq edilib. MPD – qazma vaxtı təzyiqlərin idarə edilməsi sistemi dünyanın geoloji cəhətdən çox mürəkkəb yataqlarında qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması şəraitində istifadə olunan müasir texnologiyalardandır. Yeni sistemin tətbiqi 91 nömrəli kəşfiyyat quyusunda mümkün mürəkkəbləşmələrdən sığortalanmağa, həmçinin əlavə geoloji məlumatların əldə olunmasına, qazma işlərində yüksək kommersiya sürətinə və maliyyə xərclərinin azaldılmasına imkan verib. Qazanılmış təcrübə MPD texnologiyasının gələcəkdə digər quyularda da tətbiq edilə biləcəyinə zəmin yaradır.